Samuel Eto’Onun qızı atasını məhkəməyə verdi

Kamerun yığmasının məşhur, sabiq hücumçusu Samuel Eto’Onun qızı atasının bir il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.

Arena.az bu barədə “Diario Sport”a istinadən məlumat verir.

2022-ci ilin fevral ayında veteran futbolçu dörd illik məhkəmə araşdırmalarından sonra Erika Do Rosario Nyevesi qızı kimi tanıyıb. Məhkəmə Eto’Onu ayda 1400 avro məbləğində aliment ödəməyə mükəlləf edib.

Hazırda sabiq futbolçunun bu öhdəlikdən yayındığı iddia edilir. Eto’O artıq 5 ildir ki, aliment öhdəliyini yetrinə yetirmir. Qızın vəkili Fernando Osunanın sözlərinə görə, indi Eto’Onun 90 min avro borcu var.

“O, beş ildən çoxdur ki, qızına aliment borcludur və ədalətə məhəl qoymur. Erikanın maliyyə vəziyyəti çox zəifdir, Eto’O isə təmtəraq içində yaşayır”, deyə vəkil Osuna “El Diario de Sevilla”ya müsahibəsində bildirib.

Bundan əlavə, vəkil Eto’Onun bütün cinayət əməllərini nəzərə alaraq, ötənlərin məşhur futbolçusunun Kamerun Futbol Federasiyasının prezidenti vəzifəsini tutmasını “anormal” hal hesab etdiyini deyib. Samuel Eto’O İspaniyada vergidən yayınmaqda və digər qızlarından birinə aliment ödəməməkdə təqsirli bilinib.

Erika Do Rosario Nyeves Eto’Onun bir il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir. İşə isə Madrid məhkəməsi baxacaq.

Xatırladaq ki, futbolçu karyerası ərzində Samuel Eto’O “Barselona” və “İnter”də uğurlu çıxışı ilə yadda qalıb.

Xəbəri istədiklərinizlə paylaşın