Bu yay İspaniya çempionu “Barselona”dan ayrılan fransalı müdafiəçi Samuel Umtiti bundan sonra karyerasını Liqa 1-də davam etdirəcək.
Arena.az xəbər verir ki, mərkəz müdafiəçisi karyerasını ölkəsində davam etdirəcək.
29 yaşlı futbolçu “Lill”ə keçib. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Liqa 1 təmsilçisi Fransa millisinin sabiq üzvü ilə 2 illik (2025-ci ilin yayına kimi) müqavilə imzalayıb. Təcrübəli oyunçu yeni komandasında 14 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Samuel Umtiti “Barselona”ya 2016-cı ilin iyul ayında Lion “Olimpik”indən 25 milyon avroya transfer olunmuşdu. O, Kataloniya təmsilçisində bütövlükdə 133 oyun keçirib, 2 qol və 1 assist müəllifi olub. Umtiti bu komanda ilə 2 dəfə İspaniya çempionu olub, 3 dəfə ölkə kubokunu və 2 dəfə İspaniya Super Kubokunu qazanıb.
Samuel ötən mövsümü icarə əsasında İtaliyanın “Leççe” klubunda keçirib. O, A Seriyası təmsilçisində 25 oyun keçirib. Umtitinin “Olimpik” kayrerası isə 170 oyun, 5 qol və 3 assistdən ibarətdir.
Umtiti Fransa yığmasında da 31 oyun keçirib və 4 qola imza atıb. O, millinin heyətində DÇ-2018-in qalibi olub.



