Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Torino” klubunda dayaq yarımmüdafiəçisi Samuele Riççi ilə yeni müqavilə imzalanıb.
Arena.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2026-cı ilin 30 iyununa qədər idi.
Qeyd edək ki, Riççi cari mövsümdəki çıxışı sayəsində Avropanın bir çox nəhəng klubunun transfer siyahısındadır. O, bu mövsüm komandanın heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.
Samuele Riççi İtaliyanın digər klubu “Empoli”nin yetirməsidir. O, “Torino”ya 2022-ci ilin yanvarında icarə əsasında keçib. 2022-ci ilin yayında isə Turin klubu 8,5 milyon avro ödəməklə Samueli birdəfəlik transfer edib.
Riççi “Torino”nun heyətində bütövlükdə 97 oyuna çıxıb, 4 qola imza atıb, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
İtaliyalı futbolçu ölkəsinin U-17, U-18, U-19 və U-21 yığmalarında oynadıqdan sonra əsas millidə də debüt edib. O, 2022-ci ilin iyununda debüt etdiyi İtaliya millisində 6 oyuna çıxıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.