Sander Berge “Fulhem”də – 23,55 milyon avroluq transfer

İngiltərənin “Börnli” klubunun norveli mərkəz yarımmüdafiəçisi Sander Berge bundan sonra “Fulhem”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Fulhem” bu transferi 23,55 milyon avroya rəsmiləşdirib. 26 yaşlı futbolçu ilə 5+1 illik müqavilə imzalanıb.

Sander Berge Norveçin “Asker” klubunun yetirməsidir. “Valerenqa”, “Genk”, “Şeffild Yunayted” kimi klublarda da forma geyinmiş yarımmüdafiəçi “Börnli”yə 2023-cü ilin avqust ayında 13,9 milyon avro müqabilində keçmişdi. O, bu klubun əsas komandasının heyətində 40 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Norveçin müxtəlif yaş qrupları üzrə yığmalarında da oynamış Berge, 2017-ci ilin martında əsas millidə debüt edib. O, milli komandanın heyətində 46 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Fulhem” gənc hücumçusu Oliver (Olli) Sandersonla da yeni müqavilə bağlayıb. 20 yaşlı ingilis forvard yeni sözləşməyə əsasən 2026-cı ilin yayında kimi bu kluba məxsus olacaq. Lakin Olli Sanderson bu mövsümün sonuna kimi “Bredford Siti”yə icarəyə verilib.

“Fulhem” 19 yaşlı mərkəz müdafiəçisi Harvi Arauxo ilə 20 yaşlı sağ cinah müdafiəçisi Devan Tantonu da “Çesterfild”ə icarəyə verib. Onlar da cari mövsümün sonuna kimi icarədə olacaqlar.

Hücumameyilli yarımmüdafiəçi Lyuk Harris isə “Birmingem Siti”yə icarəyə verilib. Uelsin U-21 yığmasının da üzvü olan 19 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. O, ötən mövsüm “Ekseter Siti”də də icarədə olub.

“Fulhem”in mərkəz müdafiəçisi Tim Rimlə gənc hücumçusu Kiron Boui isə Premyer Liqa təmsilçisini birdəfəlik tərk ediblər. 36 yaşlı Rim Amerika Birləşmiş Ştatlarına qayıdaraq “Şarlott” klubu ilə 2026-cı 31 dekabrına kimi müqavilə bağlayıb. Boui isə 700 min avro müqabilində Şotlandiyanın “Hibernian” klubuna transfer edilib. 21 yaşlı şotland forvard yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.