“Nyukasl”ın italyan dayaq yarımmüdafiəçisi Sandro Tonali qanunsuz mərc qoyuluşlarına görə 10 ay müddətinə futboldan kənarlaşdırılacaq.
Arena.az bu barədə “Sky Sport Italia” dərgisinə istinadən məlumat verir.
Hazırda Sandro Tonalinin hüquqşünaslar dəstəsi, futbolçunun, oynadığı oyunlara mərc qoyuluşlarını etiraf etdikdən sonra 10 aylıq diskvalifikasiya ilə bağlı İtaliya hakimiyyəti ilə danışıqlar aparır.
Bundan əlavə, Tonali istintaqa kömək edib, çünki Sandronun hüquq-mühafizə orqanları ilə bu əməkdaşlığı olmasaydı, Tonalini FIFA qaydalarına əsasən 3 illik diskvalifikasiya gözləyirdi.
Diskvalifikasiyaya nəticəsində Tonali İngiltərə Premyer Liqasının qalan mövsümünü, eləcə də İtaliya yığmasının vəsiqə qazana biləcəyi halda, 2024-cü il Avropa çempionatını buraxmalı olacaq.
Xatırladaq ki, bundan əvvəl “Yuventus”un futbolçusu Nikolo Facoli qanunsuz mərc qoyuluşlarında adı çəkilən ilk futbolçu olub. O, yaramaz əməlinə görə, artıq 7 aylıq diskvalifikasiya ilə “mükafatlandırılıb”.
Tonali cari ilin iyulunda “Milan”dan “Nyukasl”a özü də istəmədən transfer edilib. Futbolçunun özü karyerasını “Milan”a həsr etmək arzusunda olsa da, İtaliya klubu onun transferində israrlı olub. “Sağsağanlar” Sandronun transferi müqabilində “rossoneri”yə 64 milyon avro boyun olublar. “Nyukasl” italyan “dayaqçı” ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Tonali “sağsağanlar”ın heyətində 11 oyun keçirib, 1 qol vurub.
Sandro Tonali 2019-cu ilin oktyabrında debüt etdiyi İtaliya yığmasının heəytində 15 oyun keçirib, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı Tonalini 60 milyon avro məbləğində qiymətləndirir.