“Nyukasl”ın italyan yarımmüdafiəçisi Sandro Tonali qanunsuz mərc qoyuluşları ilə bağlı aldığı cəzasının başa çatması ilə futbola qayıdıb.
Arena.az məlumat verir ki, Tonali İngiltərə Kubokunun 2-ci mərhələsinin “Nottingem Forest”lə səfər oyununda (1:1) 308 gündən sonra ilk dəfə meydana çıxıb.
24 yaşlı futbolçu idman mərc oyunlarında qanunsuz iştirakı ilə bağlı futboldan 10 aylıq kənarlaşdırılması surəti ilə cəza almışdı. Belə ki, italyan futbolçu hələ “Milan”da çıxış edərkən, “rossoneri”nin oyunlarına mərc edərək, pul qoyuluşları edib. Tonali müxtəlif adamlara 3 milyon avro məbləğində borcu olduğunu etiraf edib.
Cəzaya görə Tonali 2023/2024-cü illər mövsümünün çox hissəsini buraxıb. O, həmçinin 2024-cü il Avropa çempionatından kənarda qalıb.
Sandro Tonali 2023-cü ilin iyulunda “Milan”dan “Nyukasl”a özü də istəmədən transfer edilib. Tonalinin özü karyerasını “Milan”a həsr etmək arzusunda olsa da, “rossoneri” rəhbərliyi onun transferində israrlı olub. “Nyukasl” italyan “dayaqçı” ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Sandro Tonali “sağsağanlar”ın heyətində bütün yarışlarda 12 oyun keçirib, 1 qol vurub.
Sandro Tonali 2019-cu ilin oktyabrında debüt etdiyi İtaliya yığmasının heəytində 15 oyun keçirib, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 24 yaşlı italyan dayaq yarımmüdafiəçinin transfer dəyərini 38 milyon avro məbləğində qiymətləndirir.