Tezliklə “Nyukasl”a keçidi yekunlaşacaq “Milan”ın 23 yaşlı dayaq yarımmüdafiəçisi Sandro Tonali klubdan ayrılmaq istəməyibmiş.
Arena.az bu barədə “La Repubblica”ya istinadən xəbər verir.
“Milan”ın onu “Nyukasl”a satmaq qərarından xəbər tutan Sandro göz yaşlarına qərq olub.
Mənbənin məlumatına görə, Tonali uzun müddət “Milan”da karyera qurmağı planlaşdırıb. Sandro dəfələrlə komandanın rəmzinə çevrilmək arzusunda olduğunu bildirib. “Milan”ın azarkeşləri Tonalini Franko Barezi, Paolo Maldini və Cennaro Qattuzonun şanlı ənənələrinin varisi kimi görürdülər. Buna rəğmən, “Milan” “sağsağanlar”ın 80 milyon avroluq təklifi müqabilində yarımmüdafiəçisi ilə vidalaşmağı üstün tutub.
Sandro Tonaliyə əşyalarını yığmağın vaxtı gəldiyi deyiləndə o, göz yaşlarına boğulub. Jurnalistlər hadisədə daha bir özünəməxsus təfərrüata diqqət yetiriblər: klub nümayəndələri Tonaliyə zəng edərək onu qəti şəkildə “Milan”la vidalaşmağa “razı salıblar”: Tonalinin imtina edəcəyi halda, 2027-ci ildə başa çatacaq müqaviləsini müqavilə müddəti başa çatmamış yenidən müzakirə etmək imkanını itirəcəkdi – mümkün olduğu halda daha yaxşı şərtləri müəyyənləşdirmək imkanına malik komanda yoldaşlarından fərqli olaraq.
Xatırladaq ki, daha əvvəl “Milan” əfsanəvi sabiq futbolçusu Paolo Maldinini də inzibati vəzifədən uzaqlaşdırıb. Ardınca klub karyerasını başa vurmuş məşhur Zlatan İbrahimoviçlə vidalaşıb.
Sandro Tonali 2022/2023 mövsümündə “Milan”ın heyətində 48 oyun keçirib, 2 qol vurub, 10 məhsuldar ötürmə edib. Tonali İtaliya yığmasında 2019-cu ildə debüt edib, “skuadra adzurra”nın heyətində 14 oyun keçirib.
“Transfermarkt” internet-portalı Sandro Tonalini 50 milyon avro məbləğində qiymətləndirir.