Futbol üzrə İtaliya milli komandasının yarımmüdafiəçi Sandro Tonali “Milan”dan “Nyukasl”a keçidini şərh edib.
Arena.az “Nyukasl”ın rəsmi saytına istinadən Sandro Tonalinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“İlk növbədə, “Nyukasl Yunayted”ə təşəkkür etmək istəyirəm, çünki bu klub karyeramı inkişaf etdirmək üçün böyük imkan yaradır. Etimadı meydanda bütün gücümü verməklə doğrultmaq istəyirəm. “Sent-Ceyms Park”da oynamaqdan çox şad olacağam. Azarkeşlərin yaratdığı ab-havanı hiss etmək üçün intizardayam”, deyə Tonali bildirib.
2022/2023 mövsümündə Tonali “Milan”ın heyətində 48 oyuna çıxıb, 2 qol vurub, 10 məhsuldar ötürmə verib. Tonali İtaliya yığmasında 2019-cu ildə debüt edib, “mavi eskadra”nın heyətində 14 oyun keçirib.
Xatırladaq ki, Sandro Tonali qarşısına “Milan”ın əfsanəvi oyunçuları Franko Barezi, Paolo Maldini, Cennaro Qattuzo kimi, karyerasını sonacan “Milan”la davam etmək məqsədini qoymuşdu və “rossoneri” azarkeşləri tərəfindən sevilirdi. Tonaliyə “sağsağanlar”ın heyətinə transfer olunacağı xəbəri veriləndə futbolçu göz yaşlarına qərq olmuşdu.
