“Nyukasl”ın italyan dayaq yarımmüdafiəçisi Sandro Tonali düçar olduğu və əziyyət çəkdiyi qumar asılılığından müalicə alacaq.
Arena.az bu barədə “Corriere della Sera” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Tonali çoxdan ailəsinə və yaxın dostlarına qumara aludə olduğunu etiraf edərək, bunun sadəcə olaraq “hobbi”yə çevrildiyini, indi özünə baha başa gələ biləcəyini deyib.
Prokurorluq qumar asılılığı fəsadını aradan qaldırmaq üçün Sandroya qumar asılılığından müalicə almağı təklif etdikdə, Tonali bu təklifi dərhal qəbul edib. Sandro səhv etdiyini başa düşür, amma bunu pis niyyətdən çox, səhlənkarlıq ucbatından edib və indi bunun nəticəsini ödəməyə hazırdır.
Həmçinin bildirilir ki, Tonali gənclərlə bir sıra görüşlər keçirmək, müvafiq xüsusda özünü necə aparmamaq lazım olduğunu izah etmək üçün, özünü İtaliya Futbol Federasiyasının (FIGC) ixtiyarına verməyə hazırdır.
Xatırladaq ki, daha əvvəl Tonali və Zaniolonun qanunsuz mərc platformalarında qeyri-qanuni qoyuluşlar etməkdə ittiham edilə biləcəyi barədə məlumat yayılmışdı. Xüsusilə, jurnalist Fabrizio Koronada bu futbolçuların həqiqətən qanunsuz qoyuluşlar etdiyini sübut edən məlumatlar olduğu və jurnalistin artıq, hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başladığı bildirilib.
Tonali cari ilin iyulunda “Milan”dan “Nyukasl”a özü də istəmədən transfer edilib. Futbolçunun özü karyerasını “Milan”a həsr etmək arzusunda olsa da, “Milan” onun transferində israrlı olub. “Sağsağanlar” Sandronun transferi müqabilində “rossoneri”yə 64 milyon avro boyun olublar. “Nyukasl” italyan “dayaqçı” ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Tonali “sağsağanlar”ın heyətində 10 oyun keçirib, 1 qol vurub.
Sandro Tonali 2019-cu ilin oktyabrında debüt etdiyi İtaliya yığmasının heəytində 15 oyun keçirib, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı Tonalini 60 milyon avro məbləğində qiymətləndirir.