İtaliyanın “Milan” klubu yarımmüdafiəçiləri – Sandro Tonali və Rade Kruniçlə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası nəhənginin rəsmi saytı məlumat yayıb.
Tonali ilə müddəti 2027-ci, Kruniçlə 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
“Breşiya”nın yetirməsi olan Sandro Tonali “Milan”a 2020-ci ilin sentyabrında icarə əsasında keçmişdi. Ötən ilin yayında isə bu klub 6.9 milyon avro təzminat ödəməklə onun transfer hüquqlarına da yiyələndi. O, bu komandanın heyətində 87 oyuna çıxıb, 5 qola imza atıb. 2019-cu ildən İtaliya yığmasına da dəvət alan 22 yaşlı yarımmüdafiəçi, milli komandada 11 oyuna çıxıb.
Rade Kruniç isə 2019-cu ildə “Empoli”dən 8.6 milyon avro qarşılığında “Milan”a keçib. O, həmin dövrdən bəri bu komandada 92 matçda 2 qol vurub.
Bosniya və Herseqovinadan olan yarımmüdafiəçi “Empoli”dən başqa, “Sutyeska”, “Doni Srem” və “Borats” klublarının da formasını geyinib. O, ölkəsinin milli komandasında da 27 oyun keçirib, 2 qola imza atıb.
