Sandro Tonaliyə qarşı yeni ittiham

İngiltərə Futbol Assosiasiyası (The FA) “Nyukasl”ın italyan yarımmüdafiəçisi Sandro Tonaliyə qarşı yeni ittiham irəli sürüb.

Arena.az məlumat verir ki, Tonali mərc oyun qaydalarını daha 50 dəfə pozmaqda ittiham edilir:

“Sandro Tonali The FA mərc oyun qaydalarının pozulması iddiası ilə bağlı qanunsuzluqda ittiham edilib. “Nyukasl Yunayted”in yarımmüdafiəçisinin 12 avqust 2023-cü il və 12 oktyabr 2023-cü il tarixləri arasında futbol oyunlarına mərc edərkən 50 dəfə qaydaları pozduğu iddia edilir. Sandro Tonali sorğuya 2024-cü il aprelin 5-dək cavab verməlidir”, – İngiltərə Futbol Assosiasiyasının rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir.

Xatırladaq ki, Sandro Tonali qanunsuz mərc qoyuluşlarında təqsirli bilinərək, oktyabr ayında 10 aylıq diskvalifikasiya cəzası almışdı. İndi Tonali İngiltərə Premyer Liqası mövsümünün qalan hissəsini, eləcə də 2024-cü il Avropa Çempionatını buraxacaq.

Sandro 2023-cü ilin iyulunda “Milan”dan “Nyukasl”a özü də istəmədən transfer edilib. Tonalinin özü karyerasını “Milan”a həsr etmək arzusunda olsa da, “rossoneri” rəhbərliyi onun transferində israrlı olub. “Nyukasl” italyan “dayaqçı” ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Sandro Tonali “sağsağanlar”ın heyətində bütün yarışlarda 12 oyun keçirib, 1 qol vurub.

Sandro Tonali 2019-cu ilin oktyabrında debüt etdiyi İtaliya yığmasının heəytində 15 oyun keçirib, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı italyan dayaq yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.