“Santos” səfiri Neymar olan şirkətlə müqaviləsinə xitam verir

Braziliyanın “Santos” klubu, səfiri “Əl-Hilal”ın braziliyalı ulduzu Neymar olan “Blaze” şirkəti ilə müqaviləsini ləğv etmək fikrindədir.

Arena.az ESPN dərgisinə istinadən məlumat verir ki, Braziliya klubu hazırda baş sponsorunu dəyişmək imkanlarını araşdırır.

Mənbənin məlumatına görə, artıq müqavilənin ləğvi ilə bağlı klub tərəfindən danışıqlara başlanılıb.

Xatırladaq ki, “Blaze” ilə ikitərəfli müqavilə 2023-cü ildə klubun əvvəlki prezidenti Andres Ruedanın dövründə bağlanmışdı. Bu sövdələşmənin bağlanmasında aparıcı rolu futbolçu Neymarın özünün və atasının oynadığı vurğulanır.

Əvvəllər mətbuat “Blaze” şirkətinin 2023-cü ildəki fəaliyyəti ilə bağlı bir neçə mənfi xəbərin olduğunu bildirirdi. “Santos” bu vəziyyətdən istifadə edərək “Blaze” ilə əməkdaşlığın klubun ad-sanına mənfi təsir etdiyini sübut etmək istəyir. Bu, cərimə ödəmədən müqaviləni ləğv etməyə Braziliya klubuna imkan verəcək.