“Santos”un prezidenti: “Neymar üçün layihə hazırlayırıq”

“Santos”un prezidenti Marselo Teyşeyra bildirib ki, klub Səudiyyə Ərəbistanı “Əl-Hilal”ında çıxış edən Neymarı geri qaytarmaq istəyir.

Arena.az “Globo” dərgisinə istinadən Teyşeyranın müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bu, bizdən asılı deyil. Amma “Santos” Neymarla bağlı vəziyyəti diqqətlə izləyir. Onun “Əl-Hilal”la 2 illik müqaviləsi var. Futbolçu ilə söhbətdən anladım ki, müqaviləni uzatmaq olar. Biz onun vəziyyətini nə vaxt həll edə biləcəyini və Braziliyaya qayıda biləcəyini görmək üçün bu danışıqları izləyirik.

Biz onun Braziliyaya qayıtması üçün layihə hazırlayırıq. Bu, təkcə “Santos”dan deyil, həm də futbolçunun istəyindən asılıdır”, detə “Santos”un prezidenti vurğulayıb.

Neymar ötən ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Cari mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

Xatırladaq ki, braziliyalı futbolçu daha öncə PSJ-dən başqa “Barselona” və “Santos”un da şərəfini qoruyub.

“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı vingerin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl məlum olub ki, Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) aldığı ağır zədədən sonra futbola qayıdır. Cərrahi əməliyyatdan uğurla çıxmış futbolçu hazırda çətin bərpa prosesi keçir və artıq məlum olduğu kimi, meydana qayıtmaq yolunda ilk addımını atıb.