“Santos”un prezidenti Marselo Teyşeyra “Əl-Hilal”ın hücumçusu Neymarla kluba mümkün qayıdışı haqda qısa, vacib söhbət etdiyini bildirib.
Arena.az “ESPN Brasil” dərgisinə istinadən, Teyşeyranın bu barədə fikirlərini təqdim edir:
“Söhbətimiz çox qısa idi, amma tez söhbətlər çox vaxt ən təsirli olur”, deyə “Santos”un prezidenti bildirib.
Xatırladaq ki, Neymar Avropa karyerasına başladığı “Barselona”da çıxışından öncə, 2013-cü ilə qədər yetirməsi olduğu “Santos”da çıxış edib.
Neymar ötən ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Cari mövsümdə Neymar “Əl-Hilal”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı vingerin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.
Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə alıb. Cərrahi əməliyyatdan uğurla çıxmış Neymar hazırda çətin bərpa prosesi keçir.


