Saşa Boe yenidən zədələndi

Futbol üzrə Fransa milli komandasının və Almaniya çempionu “Bayern”in sağ cinah müdafiəçisi Saşa Boe yenidən sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Boe komandanın son məşqlərindən biri zamanı sıradan çıxıb. 23 yaşlı fubolçu artıq tibbi müayinədən keçib və onun sol bud nahiyəsində zədə aşkarlanıb. Əzələ yırtğı ilə üzləşən futbolçunun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı diqqətə çatdırılıb. Almaniya mətbuatı isə müdafiəçinin 6 həftə oynamayacağını bildirir.

Xatırladaq ki, bu il yanvarın 28-də “Bayern” fransalı sağ cinah müdafiəçisi Saşa Boeni “Qalatasaray”dan tamhüquqlu əsasda öz düşərgəsinə qatıb. Transfer “Bayern”ə 30 milyon avro müqabilində başa gəlib. Almaniya nəhəngi fransalı futbolçu ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Boe “Bayern”də 23 nömrə altında çıxış edir.

Saşa Boe futbola “Romeynvil” klubunda qədəm qoyub. Buradan Parisin “Red Star” klubuna keçib, ardınca isə “Renn”in futbol akademiyasına yol tapıb. Boe elə, “Renn”in heyətində böyük futbolda debüt edib. Daha sonra Saşa “Dijon”da icarədə olub və ardınca “Qalatasaray”a transfer edilib.

Cari mövsümün ilk yarısında Boe “Qalatasaray”ın heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 2 qol vurub. Almaniyaya gedəndən zədə ilə mübarizə aparan futbolçu “Bayern”də cəmi 2 oyuna çıxmağa macal tapıb.

Saşa Boenin qənimətlər muzeyində “Renn”lə 2018/2019-cu il mövsümü Fransa Kuboku və “Qalatasaray”la 2022/2023 mövsümü Türkiyə çempionluğu var.

Saşa Boe Fransanın U-17, U-18, U-20 və U-21 yığmalarına cəlb edilib, “xoruzlar”ın əsas yığmasına isə hələ dəvət almayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı fransalı sağ cinah müdafiəçisinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Bahar Rüstəmzadə