İngiltərənin “Vulverhempton” klubunun və Avstriya yığmasının hücumçusu Saşa Kalaydjiç yenidən Almaniyaya qayıdıb.
Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu bundan sonra “Ayntraxt” (Frankfurt) klubunun uğurları üçün çalışacaq.
Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. Almaniya klubu Saşanı 2023/2024 mövsümünün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair maddə nəzərdə tutulmayıb.
Xatırladaq ki, Saşa Kalaydjiç “Vulverhempton”a 2022-ci ilin avqust ayında Almaniyanın “Ştutqart” klubundan 18 milyon avro qarşılığında gəlmişdi. O, bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 13 oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub. Avstriyalı futbolçunun “Vulverhempton”dakı bütün karyerası isə 14 oyun, 3 qol və 1 assistdən ibarətdir. Hücumçunun İngiltərə klubu ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var.
Kalaydjiç daha öncə “Ştutqart”dan başqa Avstriyanın “Admira Vakker” və “Donfild” klublarında da forma geyinib. Hücumçu Avstriya yığmasında keçirdiyi 19 oyunda 4 qola imza atıb.
“Vulverhempton” gənc hücumçusu Fabio Silvanı da Şotlandiyanın “Reyncers” klubuna icarəyə verib. Portuqaliyadan olan 21 yaşlı futbolçu da bu mövsümün sonuna kimi icarədə olacaq. Premyer Liqa təmsilçisinin əsas komandasında 72 oyuna 5 qol və 6 məhsuldar ötürmə müəllifi olan Fabio Silvanın bu klubla müqaviləsi 2026-cı ilin 30 iyununa qədərdir. O, daha öncə “Anderlext”, “Portu”, PSV kimi klubların da şərəfini qoruyub. Gənc hücumçu Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, hələ əsas millidə debüt şansı qazanmayıb.