İngiltərənin “Sauthempton” komandasının baş məşqçisi Ruben Selles mövsüm bitən kimi Premyer Liqa klubundan ayrılacaq. Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
İstefaya 39 yaşlı mütəxəssisin komandanı elitada saxlaya bilməməsi səbəb olub. “Sauthempton” Çempionşipə düşdüyü üçün müqaviləsi yenilənməyəcək. O, mayın 28-də mövsümün sonuncu turu çərçivəsində doğma meydanda qarşılaşacaqları “Liverpul”la oyundan sonra postundan ayrılacaq.
Xatırladaq ki, Ruben Selles bu ilin fevral ayında baş məşqçi Neytan Consun istefaya göndərilməsindən sonra müvəqqəti olaraq bu posta gətirilmişdi. Amma 39 yaşlı mütəxəssis elə ilk sınağında – “Çelsi” ilə səfər oyununda komandaya qələbə qazandırmaqla (1:0) rəhbərliyin etimadını qazanmışdı. Klub rəhbərliyi onun mövsümün sonuna kimi baş məqşçi kimi çalışmasına qərar vermişdi. “Sauthempton” ispan məşqçinin rəhbərliyi altında 15 oyuna çıxıb. Bu oyunlarda cəmi 1 qələbəsi olan kollektiv 3 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.
Selles bu təyinata qədər xeyli müddət “Sauthempton”un əvəzedici komandasını da çalışdırıb. O, 2022-ci ilin noyabr ayında da qısa müddət “Sauthempton”un əsas komandasına rəhbərlik etmişdi. Premyer Liqa təmsilçisi həmin vaxt da onun rəhbərliyi altında meydana çıxdığı bir oyundan qələbə ilə ayrılmışdı.
Selles daha əvvəl Azərbaycanda da işləyib. O, 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirib.
“Sauthempton” bu mövsüm İngiltərə Premyer Liqasında 37 turdan sonra cəmi 24 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb. Komandanın Çempionşipə düşməsi bir neçə tur öncədən bəlli olub.