Sautqeyt: “Danimarkadan fərqli üslubda oyun gözləyirik”

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Danimarka yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ingilis mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Danimarka yığmasından nə gözləyirik? Azacıq fərqli oyun üslubunu. Serbiya yığmasına qarşı birinci hissədəki kimi çıxış etməliyik. Biz həm də onların səmərəsinə nəzər salmalı və etməli olduğumuz işlərdə nəyisə dəyişməli olduğumuzu görməliyik.

Onların çox yaxşı komandası və yaxşı məşqçisi var. Onlara qarşı təkcə son Avropa çempionatında deyil, Millətlər Liqasında da çox çətin oyunlar keçirdik. Biz onların komandasını, güclü tərəflərini bilirik və əlimizdən gələni etməliyik.

Mən oyunda kim favorit olub, kim olmadığını heç vaxt düşünmürəm. Əsas odur ki, konkret gündə yüksək keyfiyyətli oyun nümayiş etdirək”, deyə Sautqeyt vurğulayıb.

Xatırladaq ki, Danimarka – İngiltərə oyunu bu gün, iyunun 20-də Frankfurtun “Doyçe Bank Park” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

2-ci tur ərəfəsində komandalar “C” qrupunda belə sıralanıblar:

  1. İngiltərə – 3 xal
  2. Danimarka – 1
  3. Sloveniya – 1
  4. Serbiya – 0