Sautqeyt: “Hər kəsi məğlub edə biləcəyimizə səmimiyyətlə əminik”

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt komandasının AÇ-2024-də qalibiyyət imkanlarını dəyərləndirib.

Arena.az UEFA rəsmi saytına istinadən, ingilis mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Artıq beş-altı ildir ki, sabit oyun nümayiş etdiririk. Hesab edirəm ki, biz ardıcıl olaraq yaxşı nəticələr əldə etdiyimiz üçün son beş ildə dünyada ilk beşliyə daxil olmuşuq. İndi ələmələrdə böyük oyunlar təcrübəmiz var ki, bu isə bizə çox kömək edir.

Üstəlik, futbolçularımız klub səviyyəsində qələbələr qazanmaqla yaxşı təcrübə əldə ediblər, ona görə də biz hər kəsə qalib gələ biləcəyimizə ürəkdən inanan komandalardanıq. Çox vaxt komandalar qalib gələcəklərinə əmin olurlar, amma bunu heç nə ilə dəstəkləmirlər.

Sözlərimiz işimizlə təsdiqləndi, Avropa çempionu adına bir addım qalmışdıq, ona görə də hər şeyin mümkün olduğunu bilirik. Bu, bir növ psixoloji sıçrayışdır. İndi bir addım irəli getməliyik”, deyə Sautqeyt vurğulayıb.

Xatırladaq ki, Qaret Sautqeytin rəhbərlik etdiyi İngiltərə yığması ötən Avropa çempionatının (AÇ-2020) finalına yüksələ bilmiş, burada İtaliya yığmasına penaltilər silsiləsində məğlub olmuşdu (əsas və əlavə vaxtda 1:1, penaltilərlə 2:3).

2024-cü il Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. Yarışın oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Yarışda İngiltərə yığması Sloveniya, Danimarka və Serbiya yığmalarının yer aldığı “C” qrupunda mübarizə aparacaq.