İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Sloveniya yığması ilə qarşıdakı oyundan danışıb.
Arena.az “Mirror” dərgisinə istinadən, ingilis mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Sloveniya yığması çox qol buraxmır. Onlar çox mütəşəkkil və kifayət qədər düzxətli komandadırlar. Onların hücumçuları – tam bir ovuc, xüsusilə Şeşko, o, çox vacibdir. Biz çox yaxşı müdafiə olunmalı olacağıq, bu, indiyə qədər etdiyimiz bir işdir. Biz, sözsüz, tərəqqi edirik. Mark Qehini nə vaxt gətirdiyimizi düşünsəniz, o, 70 dəqiqə oynayıb – bu, onun son üç ayda “Kristal Pelas”da ən çox oynadığı müddətdir. İndi biz sakit olmalıyıq, ağıllı qərarlar verməliyik və hamını doğru yolda saxlamaq üçün düzgün çağırışlar etməliyik. Dörd xal qazanacağımıza və sonra qrupda qalib olacağımıza əmin idik. Biz əvvəllər də bu yolu keçmişik, son Avropa çempionatı ilə müqayisədə eyni səviyyədəyik, daha bir qol çox vurub, daha bir qol az buraxmışıq. Növbəti tur yolundayıq və indi qrupda qalib olaraq, taleyimizə nəzarət etmək istəyirik”, deyə Sautqeyt komandasının Sloveniya yığması ilə oyunda ancaq qələbəyə kökləndiyini başa düşməyə əsas verib.
Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turu çərçivəsində keçiriləcək “C” qrupunun İngiltərə – Sloveniya oyunu bu gün, iyunun 25-də Kölnün “Reyn Enerqi” stadionunda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.
3-cü tur ərəfəsində “C” qrupunun mənzərəsi belədir:
- İngiltərə – 4 xal
- Danimarka – 2 xal
- Sloveniya – 2 xal
- Serbiya – 1 xal