Sautqeyt zədəli futbolçuları millidə bu oyunçularla əvəzlədi

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt komandanın zədələnmiş futbolçularının yerinə yığmanın düşərgəsinə yeni oyunçular çağırıb.

Arena.az məlumat verir ki, bu xəbəri İngiltərə Futbol Assosiasiyası (The FA) təsdiqləyib.

Bir qədər əvvəl, mərkəz müdafiəçisi Harri Maquayr və kapitan, sağ cinah müdafiəçisi Kayl Uokerin zədələnərək klublarına qayıtdığı məlum olmuşdu. Adıçəkilən müdafiəçilərə qapıçı Sem Conston da qoşulub. Onlardan öncə isə hücumçu Harri Keyn də zədə səbəbindən yığmadan ayrılmaq məcburiyyətində qalmışdı.

Sautqeyt zədəli futbolçularının yerinə “Mançester Siti”nin 19 yaşlı sağ cinah müdafiəçisi Riko Lyuisi və “Börnli”nin 21 yaşlı qapıçısı Ceyms Traffordu İngiltərə yığmasına dəvət edib.

Zədəlilərin səhhəti haqda məlumat verilmir. Futbolçuların zədə dərəcəsinin ciddiliyi haqda məlumatın təkrar müayinədən sonra açıqlanacağı təxmin edilir.

Xatırladaq ki, martın 26-da İngiltərə yığması Londonun “Uembli” stadionunda yoldaşlıq oyunu çərçivəsində Belçika yığmasını qəbul edəcək.

Daha əvvəl, martın 23-də “Uembli”də keçirilmiş yoldaşlıq oyununda Braziliya millisi İngiltərə yığmasını məğlub etmişdi – 1:0.