Fransanın “Tuluza” klubu heyətini iki yeni futbolçu – sağ vinger Şavi Babika və mərkəz yarımmüdafiəçisi Yann Qboho ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Limassol “Aris”indən transfer edilmiş Babika ilə müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. “Tuluza” onun transferi üçün Kipr klubuna 2,75 milyon avro ödəyib.
Şavi Babika 2021-ci ilin avqust ayından “Aris”də çıxış edirdi. Qabondan olan 23 yaşlı futbolçu Limassol təmsilçisinin heyətində bütövlükdə 90 oyuna çıxıb, 16 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub. O, Kiprdən öncə ölkəsində “Manqaspor”un, Ruandada “Kiyovu”nun da formasını geyinib. Babika 2022-ci ilin iyun ayında debüt etdiyi Qabon yığmasında 7 oyuna çıxıb, 1 qola imza atıb.
Yann Qboho isə Belçikanın “Serkl Brügge” klubundan transfer olunub. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmır. “Tuluza” onun transferi üçün Belçika klubuna 2,5 milyon avro ödəyib.
Qboho 2022-ci ilin avqust ayından formasını geyindiyi “Serkl Brügge”də 52 oyuna çıxıb, 4 qol vurub, 9 məhsuldar ötürmə edib. O, daha öncə “Renn” və “Vitess” klublarının da formasını geyinib. Qboho Fil Dişi Sahilindən olsa da, Fransa klublarında yetişdiyi üçün bu ölkənin U-16, U-17 və U-18 yığmalarında oynayıb.
Yeri gəlmişkən, “Tuluza” iki futbolçusunu da icarəyə verib. Burkina Faso yığmasının da üzvü olan 22 yaşlı Mamadi Banqre “Trua”ya icarəyə verilib. Sözügedən klub Banqreni satınalma şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürüb. “Tuluza”nın yetirməsi olan Mamadi ötən mövsümü də “Keviyi Ruan”da icarədə olub.
Mərakeşli hücumçu Yanis Beqraui də “Po”ya icarəyə verilib. 22 yaşlı mərkəz hücumçusu “Oser”in yetrməsidir. O, 2021-ci ildən “Tuluza”nın formasını geyinirdi. 2023-cü ildə də “Po”da icarədə olmuş Beqraui bu mövsümün sonuna kimi sözügedən komandanın uğurları üçün çalışacaq. Vaxtilə Fransanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Beqraui ötən ildən Mərakeşin U-23 yığmasında çıxış edir.