Futbol üzrə Braziliya millisinin sağ vingeri Savio Moreyra de Oliveyra (Savinyo) bundan sonra “Mançester Siti”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Müqavilə ilə Fransanın “Trua” klubuna məxsus olan 20 yaşlı vingerin transferi İngiltərə nəhənginə 25 milyon avroya başa gəlib. Gənc futbolçu Mançester təmsilçisi ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə bağlayıb. O, yeni komandasının heyətində 26 nömrəli formanı geyinəcək.
Savinyo Braziliyanın “Atletiko Mineyro” klubunun yetirməsidir. O, 2022-ci ilin iyul ayında 6,5 milyon avro qarşılığında “Trua”ya keçsə də, Fransa klubunun heyətində 1 oyuna da çıxmayıb. Çünki vinger 2022/2023 mövsümünü Niderlandın PSV, 2023/2024 mövsümünü isə İspaniyanın “Jirona” klubunda icarədə keçirib.
Savio Moreyra de Oliveyra ötən mövsüm “Jirona”nın heyətində 41 oyuna çıxıb. O, bu oyunlarda vurduğu 11 qol və müəllifi olduğu 10 məhsuldar ötürmə ilə Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşməyi bacarmışdı.
Braziliyanın U-16, U-18, U-20 yığmalarında da oynamış gənc yarımmüdafiəçi bu ilin martında əsas millidə debüt edib. Savinyo Braziliya yığmasının heyətində meydana çıxdığı 7 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.