Savinyo uzun müddətə sıradan çıxdı

Futbol üzrə Braziliya milli komandasının və İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Savinyo uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola açıqlama verib.

O, braziliyalı cinah hücumçusunun zədəsinin ciddi olduğunu və iki aya qədər oynaya bilməmə ehtimalının olduğunu söyləyib:

“Savio uzun müddət oynaya bilməyəcək. Uzun müddət, amma yüz il yox. Təxminən bir ay yarım – iki aylıq. O, bu mövsüm geri dönəcək”.

Xatırladaq ki, Savio yanvarın 1-də, “Sanderlend”lə matçda zədə alıb. 21 yaşlı futbolçu bu mövsüm “şəhərlilər”in heyətində 23 oyunda meydana çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

Xatırladaq ki, Braziliya millisinin sağ vingeri 2024-cü ilin yayında “Trua”dan 25 milyon avro müqabilində “Mançester Siti”yə keçib. 21 yaşlı vingerin İngiltərə klubu ilə 2031-ci ilin 30 iyununa qədər müqaviləsi var. O, “şəhərlilər”in heyətində bütövlükdə 71 oyuna çıxıb, 5 qol və 16 məhsuldar ötürmə müəllifi olub.

Savinyo Braziliyanın “Atletiko Mineyro” klubunun yetirməsidir. O, 2022-ci ilin iyul ayında 6,5 milyon avro qarşılığında “Trua”ya keçsə də, Fransa klubunun heyətində 1 oyuna da çıxmayıb. Çünki vinger 2022/2023 mövsümünü Niderlandın PSV, 2023/2024 mövsümünü isə İspaniyanın “Jirona” klubunda icarədə keçirib.

Savio Moreyra de Oliveyra Braziliyanın U-16, U-18, U-20 yığmalarında oynadıqdan sonra 2024-cü ilin martında əsas millidə debüt edib. Savinyo Braziliya yığmasının heyətində meydana çıxdığı 13 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: