Sead Kolaşinaç İtaliya klubu ilə müqavilə bağladı

Marsel “Olimpik”i ilə yollarını ayırmış sol cinah müdafiəçisi Sead Kolaşinaç İtaliyanın “Atalanta” klubuna keçib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

Bosniya və Herseqovinadan olan 30 yaşlı futbolçu azad agent kimi A Seriyası təmsilçisi ilə rəsmi müqavilə bağlayıb. Amma klub müqavilənin müddətini və digər detalları açıqlamayıb.

Xatırladaq ki, Sead Kolaşinaç 2022-ci ilin yanvarında London “Arsenal”ından Marsel “Olimpik”inə keçmişdi. Müdafiəçi Fransa klubunda 58 oyun keçirib, 4 qol və 2 assistlə yadda qalıb. O, daha öncə “Arsenal” və “Şalke”də oynayıb.

Kolaşinaç Bosniya və Herseqovina yığmasında 53 oyun keçirib.

Yeri gəlmişkən, “Atalanta” mərkəz müdafiəçisi Corco Çittadinini də “Montsa”ya icarəyə verib. Klubun rəsmi saytının yaydığı məlumata görə, 21 yaşlı italyan 2024-cü ilin 30 iyununa kimi icarədə çıxış edəcək.

Corco Çittadini “Atalanta”nın öz yetirməsidir. Müdafiəçi bu klubun əsas komandasında cəmi 3 oyuna çıxıb. O, ötən mövsüm “Modena”da da icarədə oynayıb. Gənc futbolçu həm də İtaliyanın U-21 yığmasının üzvüdür.

Xəbəri istədiklərinizlə paylaşın