Sebastyan Pokonyoli – “Monako”nun yeni baş məşqçisi

Belçikalı futbol mütəxəssisi Sebastyan Pokonyoli Fransa çempionatında mübarizə aparan “Monako”ya baş məşqçi təyin edilib.

Arena.az bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

38 yaşlı mütəxəssislə müddəti 2027-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Adi Hütteri əvəz edib.

Sebastyan Pokonyoli “Monako”dan aldığı təklifə görə Belçikanın “Yunion” klubundan ayrılmalı olub. Hansı ki, o, 2024-cü ilin yayından bu komandaya rəhbərlik edirdi. Pokonyolinin rəhbərliyi altında 69 oyun keçirmiş Belçika təmsilçisi 39 qələbə qazanıb, 15 heç-heçə edib, 15 məğlubiyyətə üzülüb.

Belçikalı mütəxəssis daha öncə Belçikanın U-18 yığmasına da rəhbərlik edib, “Yunion” və “Genk” klublarının aşağı yaş qrupları üzrə komandalarında çalışıb.

Xatırladaq ki, “Monako” Liqa 1-in cari mövsümündə 7 oyuna topladığı 13 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbəri istədiklərinizlə paylaşın