Almaniyanın “Şalke” klubunun hücumçusu Sebastyan Polter bundan sonra Bundesliqa təmsilçisi “Darmştadt”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Darmştadt” 32 yaşlı alman forvardı 2023/2024 mövsümünün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Transferin maddi detalları barədə məlumat verilməyib.
Sebastyan Polter peşəkar karyerasına “Volfsburq”da başlayıb. O, karyerası ərzində “Nürnberq”, “Maynts”, “Union Berlin”, KPR, “Fortuna Sittard”, “Boxum” kimi klublarda da forma geyinib. Almaniyanın U-18, U-20 və U-21 yığmalarında da oynayıb. Əsas millidə debüt şansı qazanmamış futbolçu 2022-ci ildən formasını geyindiyi “Şalke”də 34 oyuna 5 qol vurub, 6 assist edib.
“Şalke” İtaliyanın “Atalanta” klubunun əslən Kamerundan olan fransalı sağ cinah müdafiəçisi Brandon Soppini də heyətinə qatıb. Almaniya klubu 21 yaşlı futbolçunu bu mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Brandon Soppi Fransanın “Renn” klubunun yetirməsidir. O, 2021-ci ilə İtaliyanın “Udineze” klubuna keçib. “Atalanta” fransalı oyunçunu 2022-ci ilin avqustunda 9,1 milyon avro qarşılığında heyətinə qatıb. O, bu klubun əsas komandasında 16 oyuna çıxıb, 4 məhsuldar ötürmə müəllifi olub. Soppi bu mövsmün ilk dövrəsini “Torino”da icarədə keçirib və cəmi 5 oyuna çıxıb.
Brandon Soppi Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında (U-16, U-17, U-18 və U-20) oynasa da, əsas millidə debüt şansı qazanmayıb.