“Şeffild Yunayted” yenidən Premyer Liqada

“Şeffild Yunayted” futbol üzrə İngiltərə Çempionşipində mövsümün başa çatmasına 2 tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib. Arena.az xəbər verir ki, sözügedən komanda buna ötən gecə 38-ci tur çərçivəsində doğma meydanda “Vest Bromviç”i 2:0 hesabıyla məğlub etməklə nail olub.

Bu qələbədən sonra xallarının sayını 85-ə çatdıran Şeffild təmsilçisi, ikinci pilləni təmin edib. Hazırda komandanın ehtiyatda da bir oyunu var. Bir sözlə, qarşıdakı üç oyunda uduzsa belə, şeffildlilər indiki mövqelərində qalacaqlar.

Xatırladaq ki, daha öncə liderliyi və çempionluğu təmin etmiş “Bernli” də (95 xal) Premyer Liqaya yüksəlmişdi. Üçüncü pillədə qərarlaşan “Luton”un 78, “Midlsbro”nun 74, “Koventri”nin 66, “Sanderlend”in isə 65 xalı var. 3-6-cı pillələrdə qərarlaşmış komandalar Premyer Liqaya sonuncu vəsiqə uğrunda pley-off oyunlarında üz-üzə gələcəklər. “Luton” və “Midlsbro” pley-offa vəsiqəni təmin etsə də, digər iki iştirakçının kimliyinə son turlarda aydınlıq gələcək.

1889-cu ildə yaradılmış və hazırda 134 yaşı olan “Şeffild Yunayted” Premyer Liqanı 2020/21 mövsümünün yekununda sonuncu pillədə başa vuraraq tərk etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: