Seko Fofana “Əl-Nəsr”i “Renn”ə dəyişdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ivuarlı mərkəz yarımmüdafiəçisi Seko Fofana bundan sonra “Renn”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.

“Renn” bu transfer üçün Səudiyyə Ərəbistanı təmsilçisinə 20 milyon avro təzminat ödəyəcək. 29 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin 30 iyununa qədər müqavilə imzalanıb.

Fofana bu transfer sayəsində Səudiyyə Ərəbistanı Liqasının tarixində düşüb. Belə ki, o, Səudiyyə Ərəbistanı klublarının xaricə satdığı ən bahalı futbolçudur.

Portuqaliya yığmasının ulduz hücumçusu Kristiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” klubu Seko Fofananı 2023-cü ilin yayında Fransa təmsilçisi “Lans”dan 25 milyon avroya transfer etmişdi. İvuarlı futbolçu “Əl-Nəsr”in heyətində bütövlükdə 19 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. 2024-cü ilin yanvarında isə yarımmüdafiəçi icarə əsasında Səudiyyə Ərəbistanın digər klubu “Əl-İttifaq”a keçib. O, bu klubun heyətində meydana çıxdığı 29 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seko Fofana karyerası ərzində “Udineze”, “Lans”, “Bastiya”, “Fulhem” kimi klubların da formasını geyinib.

Fofana 2017-ci ilin noyabr ayında debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 22 oyuna çıxıb, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. O, daha öncə Fransanın U-16, U-17, U-18 və U-19 yığmalarında da çıxış edib. Yarımmüdafiəçi 2024-cü ildə Kot-d’İvuar yığması ilə Afrika Millətlər Kubokunun qalibi olub. Bu, onun futbolçu karyerasında hələlik yeganə tituldur.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: