Selçuk İnan da “Kasımpaşa”da duruş gətirə bilmədi

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Kasımpaşa” komandasının baş məşqçisi Selçuk İnan istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı məşqçi ilə müqaviləyə xitam verilib. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, Selçuk İnan ötən ilin noyabr ayında İstanbul təmsilçisinin baş məşqçisi təyin edilmişdi. Onun klubla müqaviləsi bu mövsümün sonuna kimi nəzərdə tutulmuşdu. Gənc mütəxəssis bu komandanı cəmi 13 matça çıxarıb. “Kasımpaşa” bu görüşlərdə 3 qələbə qazanıb, 2 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb.

Bu, Selçuk İnanın baş məşqçi kimi ilk fəaliyyəti idi. O, daha öncə yalnız “Qalatasaray”da Fatih Terimin köməkçisi kimi işləmişdi.

“Kasımpaşa” bu mövsümün gedişində Sami Uğurlu və Şenol Canı da istefaya göndərmişdi. Komanda hazırda Super Liqada 25 oyuna topladığı 26 xalla 13-cü pillədə qərarlaşıb. 7 qələbəsi olan kollektiv 5 oyunda da heç-heçə edib və 13 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: