Selçuk İnan “Qaziantep”də qaldı – Rəsmi

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Qaziantep” klubu baş məşqçi Selçuk İnan ilə bağlı qərarını açıqlayıb.

Arena.az xəbər verir ki, Qaziantepin eyniadlı təmsilçisi 39 yaşlı mütəxəssisin postunda qalacağını və növbəti mövsümdə də komandaya rəhbərlik edəcəyini açıqlayıb.

Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. İnanın 2025-ci ilin 30 iyununa kimi elita təmsilçisini çalışdırmağa davam edəcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, Selçuk İnan bu ilin mart ayında “Qaziantep”in baş məşqçisi təyin edilmişdi. Gənc mütəxəssis bu komandanı indiyə qədər 10 oyuna çıxarıb. Qazianteplilər bu görüşlərdə 5 qələbə, 1 heç-heçə və 4 məğlubiyyət görüblər. Komanda Selçuk İnanın rəhbərliyi altında Super Liqanın geridə qalmış 2023/2024 mövsümünü 44 xalla 11-ci pillədə başa vurub.

Selçuk İnan məşqçiliyə 2020-ci ildə “Qalatasaray”da başlayıb. O, 2022-ci ilə qədər İstanbul təmsilçisində köməkçi-məşqçi kimi çalışıb. Selçuk 2022-ci ilin noyabrından 2023-cü ilin mart ayına qədər isə “Kasımpaşa”nın baş məşqçisi olub. O, bu komandanı cəmi 13 oyuna çıxarıb – 3 qələbə, 2 heç-heçə və 8 məğlubiyyət.