Futbol üzrə Türkiyə milli komandasının sabiq üzvü Selçuk İnan Super Liqa təmsilçisi “Qaziantep”in yeni baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
39 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. O, baş məşqçi postunda bir gün öncə istefaya göndərilmiş Marius Şumudiçanı əvəz edib.
Selçuk İnan məşqçiliyə 2020-ci ildə “Qalatasaray”da başlayıb. O, 2022-ci ilə qədər İstanbul təmsilçisində köməkçi-məşqçi kimi çalışıb. Selçuk 2022-ci ilin noyabrından 2023-cü ilin mart ayına qədər isə “Kasımpaşa”nın baş məşqçisi olub. O, bu komandanı cəmi 13 oyuna çıxarıb – 3 qələbə, 2 heç-heçə və 8 məğlubiyyət.
Marius Şumudiça 2023-cü ilin sentyabr ayından “Qaziantep”ə rəhbərlik edirdi. Super Liqa təmsilçisi bu müddətdə onun rəhbərliyi altında 27 oyuna çıxıb, 10 qələbə qazanıb, 6 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.
Şumudiça 2019-2021-ci illər aralığında da “Qaziantep”in “sükanı arxasında” çalışıb. O, həmin vaxt bu komandanı 51 oyuna çıxarıb – 20 qələbə, 19 heç-heçə, 12 məğlubiyyət.
Rumın məşqçi daha öncə Türkiyədə “Rizəspor”, “Kayserispor” və “Yeni Malatyaspor”u da çalışdırıb.
“Qaziantep” bu mövsüm Super Liqa çərçivəsində keçirdiyi 28 matçın 7-dən qalib, 7-dən heç-heçə, 14-dən məğlubiyyətlə ayrılıb. Komanda turnir cədvəlində 28 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.