İngiltərə Premyer Liqasındakı yerini qoruya bilməyən “Lids” baş məşqçisi Sem Ellardays ilə yollarını ayırdığını açıqlayıb.
Arena.az xəbər verir ki, bu haqda Çempionşipə düşən klubun rəsmi saytı məlumat verib.
Mütəxəssisin klubla müqaviləsinə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib. Klub yeni baş məşqçinin adını yaxın həftələrdə açıqlayacağını bildirib.
68 yaşlı Ellardays Premyer Liqada 2022/2023 mövsümünün sonuna 4 oyun qalmış “Lids”in sükanı arxasına keçmişdi. Onun rəhbərliyi altında komanda bir qələbə belə, qazana bilməyib: bir heç-heçə, üç məğlubiyyət.
Mövsümün yekununda “Lids” 31 xalla 20 iştirakçı arasında 19-cu olub və Premyer Liqanı tərk edib. Bununla əlaqədar Ellardays baş məşqçi postunu tərk edib.
“Lids”dən öncə “Vest Bromviç”ə rəhbərlik etmiş Sem Ellardays 2021-ci ilin yayından işsiz idi. O, daha öncə “Everton”, “Kristal Pelas”, “Sanderlend”, “Vest Hem”, “Blekbern”, “Nyukasl”, “Bolton”, “Notts Kaunti”, “Blekpul” kimi klublarda da baş məşqçi kimi çalışıb. 2016-cı ildə təcrübəli məşqçi İngiltərə milli komandasına rəhbərlik edib.