Senne Linen “Verder”də – Rəsmi

Belçikanın “Yunion” klubunun yarımmüdafiəçisi Senne Linen bundan sonra Bundesliqa təmsilçisi “Verder”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, Almaniya klubu 24 yaşlı belçikalı futbolçu ilə müqavilənin müddətini açıqlamayıb.

Amma sözügedən klubun bu keçidə görə “Yunion”a 2 milyon avro ödədiyi məlumdur. Futbolçu yeni komandasında 14 nömrəli formanı geyinəcək.

Senne Linen 2020-ci ildən formasını geyindiyi “Yunion”da 87 oyuna 4 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub. “Brügge”nin yetirməsi daha öncə “Telstar”da da forma geyinib, Belçikanın U-17 və U-19 yığmalarında oynayıb.

“Verder” öz futbolçularından Li Bukananla Niklas Şmidti də müvafiq olaraq “Birmingem” və “Tuluza”ya satıb. Bundesliqa təmsilçisi Buklananın satışından 1,5 milyon, Şmidtin satışından isə 2,5 milyon avro qazanıb.

Li Bukanan “Verder”ə ötən ilin yayında “Derbi Kaunti”dən gəlmişdi. 22 yaşlı ingilis sol cinah müdafiəçisi bu komandada 75 oyuna 1 qol və 4 assistlə yadda qalıb.

Niklas Şmidt isə “Verder”in yetirməsidir. 25 yaşlı bu klubun əsas komandasında 62 oyuna çıxıb, 5 qol və 8 assistlə yadda qalıb. Alman futbolçu icarə əsasında “Osnabrük” və “Vehen”də də forma geyinib, ölkəsinin aşağı yaş qrupları üzrə yığmalarında oynayıb.

“Tuluza” daha 3 oyunçu alıb, 6 futbolçu ilə vidalaşdı

Şmidti heyətinə qatan “Tuluza” daha 3 yeni futbolçu transfer edib. Liqa 1 təmsilçisi “Neymegen”dən İbrahim Sissokonu (3 milyon avroya), “Bastiya”dan Frank Maqrini (2 milyon avroya) və “Nyu York Red Bullz”dan Kristian Kasseresi (1 milyon avroya) də alıb. Maqri yeni klubu ilə 3, Kasseres 4 illik müqavilə bağlayıb. Sissokonun müqavilə müddəti isə açıqlanmır.

“Anje”nin yetirməsi olan Frank Maqri ötən ilin yayından “Bastiya”da çıxış edirdi. 23 yaşlı fransız hücumçu bu komandada 39 oyuna 15 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

İbrahim Sissoko isə “Neymegen”in öz yetirməsidir. 20 yaşlı niderlandlı vinger bu klubun əsas komandasında 32 oyuna 3 qol vurub.

Kristian Kasseres isə 2018-ci ildən formasını geyindiyi “Nyu York Red Bullz”da 126 oyuna çıxıb, 15 qol və 13 assist müəllifi olub. 23 yaşlı venesuelalı yarımmüdafiəçi ölkəsinin millisində də 20 oyun keçirib.

“Tuluza” 6 futbolçusu ilə də yollarını ayırıb. Ris Hili azad agent kimi “Uotford”a keçib. 28 yaşlı ingilis hücumçu “Tuluza”da 77 oyuna 39 qol vurub, 7 assist edib.

Mərkəz yarımmüdafiəçisi Brext Deyager də azad agent kimi “Şarlott” klubuna keçib və MLS təmsilçisi ilə 2 illik müqavilə bağlayıb. 32 yaşlı belçikalı Liqa 1 klubunda 100 oyun keçirib, 9 qol və 15 assistlə yadda qalıb.

“Tuluza”nın öz yetirməsi olan fransız yarımmüdafiəçi – Sam Sanna da azad agent kimi “Laval”a keçib. 24 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Tuluza”da cəmi 44 oyun keçirib və 2 assist müəllifi olub.

Bosniya və Herseqovina millisinin hücumçusu Said Hamuliç icarə əsasında “Vitess” klubuna keçib. Niderland klubu onu satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi kirayələyib. Niderlandda dünyaya göz açmış 22 yaşlı forvard “Tuluza”da 9 matça çıxsa da, qol vura bilməyib.

Serbiyalı hücumameyilli yarımmüdafiəçi Velko Birmaçeviç də Çexiyanın “Sparta” (Praqa) klubuna icarəyə keçib. Serbiya millisinin də üzvü olan 25 yaşlı futbolçu Fransa klubunda 30 oyuna 1 qol vurub, 1 assist edib.

“Tuluza” braziliyalı hücumçusu Rafael Rataonu isə “Bahia”ya satıb. Liqa 1 klubu 27 yaşlı vingerin satışından 2,5 milyon avro qazanıb. Braziliyalı oyunçu yeni klubu ilə 3 illik sözləşməyə imza atıb. O, Fransa klubunda 64 matça çıxıb, 19 qol və 6 məhsuldar ötürmə müəllifi olub.