Şenol Günəş Azərbaycan millisindən sonra daha bir təklif aldı

Adı Azərbaycan millisi ilə hallanan türkiyəli futbol mütəxəssisi Şenol Günəş daha bir ölkənin yığma komandasından təklif alıb.

Arena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis Kosovo yığmasını çalışdıra bilər.

Kosovoda yığmanın baş məşqçi postuna daha bir namizəd Roberto Karlosdur. Onların yekun seçiminin necə olacağı maraq doğurur.

Xatırladaq ki, Azərbaycan millisində Canni De Byazi ilə yollar ayrılandan sonra bir çox mütəxəssisin yığmamızı çalışdıracağı barədə xəbərlər yayılıb. Onlardan da biri Şenol Günəşdir. O, bu ilin oktyabr ayında “Beşiktaş”dan ayrılandan bəri işsizdir.

Xatırladaq ki, Şenol Günəş 2022-ci ilin oktyabr ayında “Beşiktaş”ın “sükanı arxasına” keçmişdi. O, 2015-2019-cu illər aralığında da “Beşiktaş”a rəhbərlik edib. “Qara qartallar” bu mütəxəssisin rəhbərliyi altında 2 dəfə Türkiyə çempionu olublar.

Günəş daha öncə “Trabzonspor”, “Boluspor”, “Antalyaspor”, “Sakaryaspor”, “Seul” və “Bursaspor” klublarında da baş məşqçi kimi fəaliyyət göstərib. O, 2000-2004-cü və 2019-2021-ci illər aralığında da Türkiyə millisinə rəhbərlik edib.