Cari mövsümdə qeyri-sabit çıxışı ilə diqqət mərkəzində olan Türkiyənin “Beşiktaş” komandasının baş məşqçisi Şenol Günəş istefa verib.
Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilib ki, 71 yaşlı mütəxəssis Avropa Konfrans Liqasının qrup mərhələsində İsveçrə təmsilçisi “Luqano”ya İstanbuldakı 2:3 hesablı məğlubiyyətdən sonra bu qərara gəlib. O, klubun prezidenti Ahmet Nur Çebi ilə görüşərək, istəyini bildirib. Rəhbərlik isə bunu müsbət cavablandırıb.
“Beşiktaş” ötən gecə qarşılaşdığı “Luqano” ilə matçın sonlarına kimi 2:0 hesabıyla öndə olsa da, sonda buraxdığı 3 qol nəticəsində gözlənilməz məğlubiyyətə üzülüb. Komanda hazırda 1 xalla D qrupunda üçüncüdür. “Beşiktaş” Türkiyə Super Liqasında da 7 oyuna cəmi 13 xal toplayıb və 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Şenol Günəş 2022-ci ilin oktyabr ayında “Beşiktaş”ın “sükanı arxasına” keçmişdi. Bu müddətdə Günəşin rəhbərliyi alyında 41 oyun keçirmiş İstanbul təmsilçisi 28 qələbə qazanıb, 7 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.
Günəş 2015-2019-cu illər aralığında da “Beşiktaş”a rəhbərlik edib. Həmin vaxt o, bu komandanı bütövlükdə 198 matça çıxarıb. “Ağ qaralar” bu görüşlərdə 116 qələbə qazanıb, 45 heç-heçə edib, 37 oyunda isə məğlub olublar. “Qara qartallar” bu mütəxəssisin rəhbərliyi altında 2 dəfə Türkiyə çempionu olublar.
Günəş daha öncə “Trabzonspor”, “Boluspor”, “Antalyaspor”, “Sakaryaspor”, “Seul” və “Bursaspor” klublarında da baş məşqçi kimi fəaliyyət göstərib. O, 2000-2004-cü və 2019-2021-ci illər aralığında da Türkiyə millisinə rəhbərlik edib.


