Şenol Günəş: “Özümüzü Azərbaycanda yad hiss etmirik”

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş bu gün Bakıda “Sabah”a qarşı keçirəcəkləri yoldaşlıq oyunu öncəsi fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, Türkiyə nəhənginin çalışdırıcısı jurnalistlərlə görüşdə bunları söyləyib:

“Azərbaycana sonuncu dəfə Türkiyə milli komandasını çalışdırdığım zaman gəlmişəm. Keçmişdən bəri çox şeyin dəyişdiyini görürəm. Eyni dəyişikliyi futbolda da görürəm. Rasim Kara və Serpil Həmdi Tüzün Azərbaycanda məşqçi kimi fəaliyyət göstərib. Özümüzü Azərbaycanda yad hiss etmirik. “İki dövlət, bir millət” anlayışını görürük. “Sabah” klubu yaxşı sərmayə qoyub, yaxşı oyunçu qrupu var. Mən bu dəyişiklikləri müsbət qiymətləndirirəm.

Zəlzələdən zərərçəkənlərə yardımçı olmaq üçün bir xeyriyyə matçı oynayacağıq. Ümid edirəm ki, yaxşı matç olacaq. Bu, yeganə ümidimizdir.

“Beşiktaş” olaraq daim zəlzələ qurbanlarımızın yanında olmağa çalışmışıq, bunu davam etdiririk. Bu oyunun təşkilində də prezidentimiz Ahmet Nur Cebi və İdarə Heyətinin üzvləri, həmçinin “Sabah” klubunun prezidenti və menecerləri təşəbbüs göstərdilər. “Sabah” çox iddialı komandadır. Yaxşı oyunçuları var və orta yaş həddi yüksək deyil. Akademiyasında da oyunçular yetişdirməyə başlasalar, gələcəkdə hər şey daha yaxşı ola bilər”.

Şenol Günəş “Beşiktaş” fanatlarını sevindirməyə çalışacaqlarını söyləyib:

“Azərbaycanda çoxlu “Beşiktaş” azarkeşinin olduğunu bilirəm. Bu gün dostcasına bir oyun keçirəcəyik. Amma nə qədər rəsmi oyun olmasa da, futbolçular azarkeşləri sevindirməlidirlər”.

Xatırladaq ki, “Sabah”la Türkiyə nəhəngi arasındakı qardaşlıq matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 18:00-da (Türkiyə vaxtı ilə saat 17:00-da) start veriləcək. Qardaşlıq oyununun baş hakimi Tural Qurbanov olacaq. Ona yan xətt hakimləri Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.

Bu matç xeyriyyə xarakteri daşıyır. Belə ki, oyundan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.