Şenol Güneş: “Türkiyə millisini ailə komandası kimi görürük”

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Güneş çalışdırdığı komandanın AÇ-2020-dəki şansları barədə danışıb.

Arena.az xəbər verir ki, 68 yaşlı mütəxəssis yerli mətbuata müsahibəsində bunları söyləyib:

“FİFA reytinqinə baxsaq, rəqiblərimizin hamısının bizdən daha yaxşı mövqelərdə olduqlarını görürük. Biz də reytinq siyahısında yüksəlmək üçün çalışırıq. Təbii ki, İtaliya yığması İsveçrə və Uelsə nəzərən daha güclü görünür. A qrupunda hər cür nəticələr qeydə alına bilər. Bunun üçün ilk matçdakı nəticəmiz önəmlidir. Heç-heçə və qələbəmiz qrupda bəzı qarışıqlıqlara səbəb ola bilər. İnanıram ki, elə də olacaq. Hər üç qarşılaşmamız çətin keçəcək. Qrupda hansı komandanın sonuncu yeri tutacağını heç kim deyə bilməz. Bu, hətta İtaliya da ola bilər. Uels də yaxşı komandadır, oyunçuları səviyyəli çempionatlarda çıxış edirlər və inkişafdadırlar. İsveçrə də maraqlı futbol oynayır, biz də eləyik. İtaliya da yaxşı yoldadır. Qrupdan birinci və ikinci yerlərin sahibləri 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Üçüncü yeri tutanın da mərhələ adlama şansı var”.

Baş məşqçinin sözlərinə görə, qrupda 5-6 xal böyük üstünlük sayılacaq, amma 4 xalı olan da 1/8 finala çıxa bilər. O, mərhələni yaxşı oyun və gözəl futbolla adlamaq istədiklərini diqqətə çatdırıb: “Futbolda eniş-çıxışlar ola bilər, amma biz yaddaqalan, coşqulu, cəlbedici, sevilən komanda olmaq istəyirik. Özümüzü ailə komandası kimi görürük. O hissi bütün dünyaya keçirmək, həm Türkiyə futbolunu, həm də ölkəmizi tanıtmaq istəyirik. Döyüşkən, coşqulu, cəsur, inanclı komanda görüntüsü yaratmaq niyyətindəyik. Belə oyun bizi qrupdan çıxardığı zaman əsas hədəfimizə çatacağıq. Ondan sonra da hər cür sıçrayış bizim üçün uğurdur”.

Şenol Güneş çalışdırdığı komandanın DÇ-2022-yə də yüksələrək, vəzifəsini çox yaxşı yerinə yetirəcəyinə inam ifadə edib: “Bunların hamısı oyunçular üçün bir imtahan olacaq”.

Qeyd edək ki, Türkiyə millisi iyunun 11-də İtaliya ilə Romadakı Olimpiya Stadionunda, iyunun 16-da Uelslə və iyunun 20-də İsveçrə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.