Sepp van den Berq “Liverpul”u tərk etdi – “Brentford”a görə

İngiltərənin “Liverpul” klubunun niderlandlı mərkəz müdafiəçisi Sepp van den Berq bundan sonra “Brentford”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Brentford”un rəsmi saytına istinadən xəbər verir.

Sözügedən klub bu transfer üçün “Liverpul”a 23,6 milyon avro ödəyib. 22 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Sepp van den Berq Niderlandın “Zvolle” klubunun yetirməsidir. “Liverpul” onu 2019-cu ilin iyul ayında 1,9 milyon avroya transfer edib. Amma niderlandlı müdafiəçi İngiltərə nəhənginin əsas komandasının heyətində cəmi 4 oyun keçirib. Əvəzində o, “Preston”, “Maynts”, “Şalke” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb.

Van den Berq Niderlandın U-19 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt etməyib.

“Brentford” danimarkalı mərkəz müdafiəçisi Matias Yorgensenlə də yollarını ayırıb. Zanka ləqəbli futbolçu azad agent kimi Belçika “Anderlext”inə keçib. 34 yaşlı müdafiəçi yeni klubu ilə 1 illik müqavilə bağlayıb.

2021-ci ildən “Brentford”da olan Zanka, bu komandanın heyətində 48 oyuna çıxıb, 2 qolla yadda qalıb. O, karyerası ərzində “Kopenhagen”, “Haddersfild”, PSV, “Fənərbaxça”, “Fortuna” (Düsseldorf) kimi klubların da şərəfini qoruyub, Danimarka yığmasında 37 oyuna 2 qol vurub.

Sepp van den Berqi satan “Liverpul”da daha iki ayrılıq yaşanıb. “Qırmızılar” Bobbi Klarkı da “Zalsburq”a satıblar. Avstriya klubu bu keçidə görə 11,8 milyon avro ödəyib. 19 yaşlı ingilis futbolçu yeni klubu ilə 5 illik sözləşməyə imza atıb.

“Nyukasl”ın yetirməsi olan Bobbi Klark, 2021-ci ilin avqustunda 1,5 milyon avro müqabilində “Liverpul”a keçmişdi. O, bu klubun əsas komandasında 14 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb. Yarımmüdafiəçi İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt etməyib.

“Liverpul” mərkəz müdafiəçisi Ris Uilyamsı da “Morekamp”a icarəyə verib. 23 yaşlı ingiltərəli futbolçu mövsümün sonuna kimi icarədə olacaq.