Serbiya millisində yeni bombardir – Aleksandar Mitroviç!

DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə ev oyunu Serbiya millisinin hücumçusu Aleksandar Mitroviç üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutan və 2:2 hesabıyla bitən qarşılaşmada serb futbolçu yeni rekorda imza atıb.

Belə ki, 26 yaşlı hücumçu komandasının ilk qoluna imza atmaqla, yığmada vurduğu qolların sayını 39-a çatdırıb. Bununla da o, millidə ən çox qol vuran futbolçu ünvanına yiyələnib.

Qeyd edək ki, Aleksandar Mitroviç 2013-cü ildən Serbiya millisinin uğurları üçün çalışır. O, indiyə qədər ölkəsinin əsas komandasında 63 oyun keçirib.

Hazırda İngiltərənin “Fulhem” klubunda çıxış edən futbolçu, daha öncə “Nyukasl”, “Anderlext”, “Partizan” və “Teleoptik” komandalarında da forma geyinib.

Serbiya milli komandasının əvvəlki bombardiri 38 qolla Stepan Bobek idi. Maraqlıdır ki, Bobek də 1946-1956-cı illər aralığında yığmada 63 oyun keçirib. Lakin 2010-cu ildə dünyasını dəyişmiş Stepandan fərqli olaraq, Mitroviç karyerasını davam etdirir və o, gələcək illərdə həm oyun, həm də qol sayını artırmaq şansına malikdir.

Sonda onu da xatırladaq ki, Serbiya – Portuqaliya matçında qonaqlar ilk yarıda vurduqları iki qolla hesabda öndə olublar. Lakin fasilədən sonra serblər buraxılan topların əvəzini çıxmağı bacarıblar və qarşılaşma 2:2 hesabıyla bitib. Bu nəticədən sonra Serbiya və Portuqaliya hərəyə 4 xalla millimizin yer aldığı A qrupunda ilk 2 pilləni bölüşürlər. İlk turda Portuqaliyaya 0:1 hesabı ilə uduzmuş Azərbaycan millisi martın 30-da Bakıda Serbiya ilə üz-üzə gələcək.