Serdar Dursun yenidən “Fənərbaxça”da

Futbol üzrə Türkiyə millisinin sabiq hücumçusu, “Fatih Karagümrük”də forma geyinən Serdar Dursun yenidən “Fənərbaxça”ya qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Fənərbaxça” keçmiş oyunçusunu bu mövsümün sonuna kimi icarəyə götürüb. Transferin digər detalları açıqlanmayıb.

Xatırladaq ki, Serdar Dursun “Fatih Karagümrük”ə bu mövsümün əvvəlində elə “Fənərbaxça”dan azad agent kimi ayrılaraq keçmişdi. O, 2014-2016-cı illər aralığında da “Fatih Karagümrük”də çıxış etmişdi. Bu mövsüm sözügedən klubun heyətində 25 oyuna 6 qol vurmuş hücumçu, “Fatih Karagümrük”də bütövlükdə 94 oyun keçirib, 25 qol vurub, 10 assist edib. 2021-2023-cü illər aralığında “Fənərbaxça”da çıxış etmiş hücumçunun bu klubdakı karyerası isə 64 oyun, 19 qol və 9 assistdən ibarətdir. 32 yaşlı hücumçu “Darmştadt”, “Qroyter”, “Hannover”, “Dənizlispor”, “Şanlıurfaspor” və “Əskişəhərspor” kimi klublarda da forma geyinib. Təcrübəli futbolçu Türkiyə millisinin heyətində meydana çıxdığı 10 oyunda 7 qol vurub.

Emre Mor, Tyaqo Çukur və Linkoln icarəyə verildilər

“Fənərbaxça” sağ cinah vingeri Emre Moru da “Fatih Karagümrük”ə icarəyə verib. 27 yaşlı futbolçu da bu mövsümün sonuna kimi icarədə olacaq. İstanbul nəhəngi Emreni 2022-ci ilin iyul ayında elə “Fatih Karagümrük”dən 2 milyon avro müqabilində transfer etmişdi. “Fatih Karagümrük”də 31 oyuna 6 qol və 4 məhsuldar ötürmə müəllifi olmuş Mor, “Fənərbaxça”da da 49 oyuna 6 qol vurub, 5 assist edib. O, “Selta”, “Borussiya” (Dortmund), “Qalatasaray”, “Nordsyelland”, “Olimpiakos” kimi klublarda da oynayıb. Emre Mor Türkiyə millisində də 15 oyuna çıxıb, cəmi 1 qol vurub.

“Fənərbaxça”nın gənc hücumçusu Tyaqo Çukur da icarə əsasında “Ümraniyəspor”a keçib. Azərbaycan yığmasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi bu klub Çukuru satınalma şərti olmadan, bu mövsümün sonuna kimi heyətinə qatıb.

Tyaqo Çukur “Fənərbaxça”ya 2022-ci ildə İngiltərənin “Uotford” klubundan gəlib. 21 yaşlı forvard hələ bu klubun əsas komandasında debüt etməyib. Bu üzdən də İstanbul nəhəngi onu daha öncə “Dender” və “Beveren” kimi klublara da icarəyə verib. Vaxtilə “Donkaster Rovers”də də oynamış gənc hücumçu Türkiyə millisində 1 oyun keçirib.

“Fənərbaxça” Braziliyadan olan hücumameyilli yarımmüdafiəçisi Linkoln Enrike Oliveyra dos Santosu da “Braqantino”ya icarəyə verib. Braziliya klubu 25 yaşlı futbolçunu satınalma şərti ilə 2024-cü ilin 31 dekabrına kimi icarəyə götürüb.

Linkoln “Fənərbaxça”ya 2022-ci ilin yayında “Santa Klara”dan 3,5 milyon avro qarşılığında keçmişdi. O, İstanbul klubunun heyətində 36 oyuna çıxıb, 3 qol vurub, 9 assist edib. Braziliyalı yarımmüdafiəçi daha öncə “Santa Klara”, “Qremio”, “Rizəspor” və “Amerika Mineyro” kimi klubların da formasını geyinib.