Portuqaliyanın “Braqa” klubunun iki futbolçusu – Serdar Saatçı və Simon Banza bundan sonra “Trabzonspor”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə Türkiyə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Super Liqa nəhəngi Serdarı 2,5 milyon avro müqabilində tamhüquqlu əsasda heyətinə qatıb. 21 yaşlı türkiyəli futbolçu ilə 4+1 illik müqavilə imzalanıb. Banza isə bu mövsümün sonunadək icarəyə götürülüb. Trabzonlular 28 yaşlı konqolu hücumçunun bir mövsümlük icarəsi üçün “Braqa”ya 2 milyon avro ödəyiblər.
Serdar Saatçı futbola “Bayrampaşaspor”da başlasa da, “Beşiktaş”ın yetirməsi hesab olunur. O, vaxtilə İstanbul klubunun əsas komandasında 15 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. “Braqa” mərkəz müdafiəçisini 2022-ci ilin yayında 2 milyon avro müqabilində heyətinə qatmışdı. Türkiyəli futbolçu Portuqaliya klubunun əsas komandasında 34 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub. Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Serdar hazırda U-21-in kapitanıdır.
Fransada dünyaya göz açmış Simon Banza isə “Lans”ın yetirməsidir. “Bezye”, “Petanj” kimi klublarda da oynamış forvard 2022-ci ildən formasını geyindiyi “Braqa”da 90 oyun keçirib, 37 qol vurub, 15 məhsuldar ötürmə verib. Banza Konqo Demokratik Respublikası yığmasında 10 oyun keçirsə də, fərqlənə bilməyib.
Yeri gəlmişkən, “Trabzonspor” Xorvatiyadan olan hücumameyilli yarımmüdafiəçisi Tonio Tekliçi də “Ərzurumspor”a icarəyə verib. 25 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə çıxış edəcək.
“Hayduk” (Split), “Varajdin”, “Hrvatski Draqovolyaç” kimi klublarda oynamış Tekliç “Trabzonspor”a 2023-cü ilin yayında 1 milyon avro qarşılığında keçmişdi. Amma o, Super Liqa təmsilçisində cəmi 6 oyuna çıxıb və fərqlənə bilməyib. Xorvatiyanın U-19 və U-20 yığmalarında oynamış futbolçuya əsas millidə debüt qismət olmayıb.