Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubundan ayrılan Sergey Rebrov Ukrayna millisinin yeni baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının (UAF) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu gün yeni baş məşqçinin təqdimat mərasimi təşkil olunub. Tədbirdə çıxış edən UAF prezidenti Andrey Pavelko Sergey Rebrovun bu posta gətirildiyini rəsmən bəyan edib.
49 yaşlı mütəxəssisin yığmada baş məşqçi kimi debütünü iyunun 12-də Almaniya seçməsinə qarşı yoldaşlıq matçında edəcəyi diqqətə çatdırılıb.
Xatırladaq ki, Sergey Rebrov futbolçu karyerası dövründə 1992-ci ildən 2006-cı ilə qədər Ukrayna millisinin formasını geyinib. O, yığmada 75 oyun keçirib, 15 qol vurub. Rebrov “Şaxtyor” (Donetsk), “Dinamo” (Kiyev), “Tottenhem”, “Fənərbaxça”, “Vest Hem” və “Rubin” (Kazan) kimi klublarda da oynayıb.
Məşqçiliyə Kiyev “Dinamo”sunun əvəzedici komandasında köməkçi kimi başlamış Rebrov, 2010-2011-ci illərdə Ukrayna millisində də assistant kimi çalışıb. Daha sonra o, Kiyev “Dinamo”sunun əsas komandasında baş məşqçi kimi fəaliyyətə başlayıb. 2014-cü ildə paytaxt klubundan ayrılan gənc mütəxəssis Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasına baş məşqçi təyin olunub. 2018-2021-ci illər aralığında Macarıstanın “Ferenstvaroş” komandasını çalışdırmış ukraynalı məşqçi, 2021-ci ildən “Əl-Əyn”i çalışdırırdı.
Rebrov çalışdırdığı komandaların əksəri ilə uğur qazanmağı bacarıb. O, Kiyev “Dinamo”su ilə 2 dəfə (2014/2015 və 2015/2016) Ukrayna çempionu olub. “Ferentsvaroş” onun rəhbərliyi altında 3 dəfə (2018/2019, 2019/2020, 2020/2021) Macarıstan çempionu olub. Rebrov son olaraq “Əl-Əyn”i də həm ölkə çempionu edib, həm də Liqa Kubokunu qazandırıb.