Futbol üzrə Estoniya millisinin hücumçusu Sergey Zenyov Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini paylaşıb.
Arena.az xatırladır ki, vaxtilə iki mövsüm “Qəbələ”nin şərəfini qorumuş Zenyov üçün bu matç xüsusi əhəmiyyət daşıyır.
Məsələ burasındadır ki, 35 yaşlı futbolçu yenidən bu şəhərdə meydana çıxacaq. Belə ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək Azərbaycan – Estoniya görüşü Qəbələ şəhər stadionunda baş tutacaq. Sabah keçiriləcək oyuna saat 18:00-da start veriləcək.
Sergey Zenyov da bu matçdan öncə ölkəsinin Soccernet.ee saytına müsahibəsində Azərbaycanla bağlı xatirələrindən danışıb:
“Keçən il Azərbaycana qarşı oynayanda Bakıya gəlmək istəyirdim. Amma zədələndim. İndi bu matçı səbirsizliklə gözləyirəm. O zamanla bağlı çox yaxşı xatirələrim var.
Avropa Liqasının oyunlarından yalnız birini Qəbələ şəhər stadionunda keçirdik. Qalan matçlar Bakıda baş tutdu. Oyunun bu şəhərdə təşkilinə necə razılıq verdiklərini bilmirəm. Gözəl yerdir, amma ətrafda heç nə yoxdur. Mağazalar çox kiçikdir. Biz Bakıdan qayıdanda hər zaman 1 həftəlik bazarlığımızı edirdik. Paytaxtda məşqlər edib, oyunları Qəbələdə keçirirdik. Bu baxımdan da yolumuz çox çətin idi. Orda oynadığım zaman komanda yoldaşım olmuş azərbaycanlılarla ünsiyyətim yoxdur. Çünki dil baryerimiz vardı. Onların çoxu rus dilini bilmir. Bakıdan kənarda doğulanlar heç bilmirdi”.
Zenyov ölkəmizdə klublarla müqayisədə millidə inkişafın yüksək səviyyədə olmadığını da vurğulayıb: “Azərbaycanda hər zaman yığmanın uğursuzluğundan narahat idilər. Bu barədə tez-tez yazırdılar. Onlar da müxtəlif həll yollarını sınayırlar. Bir vaxtlar serbləri milliləşdirirdilər. İndi isə Avropanın müxtəlif ölkələrində nənə və ya babası azərbaycanlı olan oyunçuları tapmağa çalışırlar. Buna misal olaraq, Estoniyadan Azərbaycanın gənclər komandasına dəvət olunan Murad Vəliyevin adını çəkə bilərəm”.


