Serj Qnabri AÇ-2024-ü buraxmaq təhlükəsi ilə üz-üzə

“Bayern”in almaniyalı sağ vingeri Serj Qnabri cari mövsümün başa çatmaq üzrə olan qalan hissəsini buraxmalı olacaq.

Arena.az bu barədə Münhen klubunun rəsmi saytına istinadən məlumat verir.

Qnabrinin Çempionlar Liqasının yarımfinalının “Real”la Madriddəki cavab oyununda (1:2) aldığı zədədən sonra keçdiyi tibbi müayinənin nəticələri bəlli olub.

Xatırladaq ki, oyunun birinci hissəsinin ortalarında Qnabri zədələnərək oyunu davam etdirə bilməyib və əvəzlənib.

Tibbi rəyə əsasən, Qnabri bud nahiyəsindən zədə aıb və bərpa mərhələsi xeyli çəkəcək. Mövsümün yerdə qalan hissəsini Qnabri üçün bitmiş hesab etmək olar. Həmçinin almaniyalı vinger Almaniyanın ev sahibi olacağı qarşıdakı Avropa çempionatını buraxmaq təhlükəsi ilə üz-üzədir.

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Həkimlər Qnabrinin yarışın başlanacağı müddətə qədər sıraya dönəcəyinə tam təminat verməkdən ehtiyat edirlər. Futbolçunun sağlamlığının daha vacib olduğu vurğulanır.

Serj Qnabri “Bayern”ə 2017-ci ilin iyulunda 8 milyon avro müqabilində “Verder”dən keçib. Almaniyalı vingerin Münhen klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Qnabri “Bayern”in heyətində bütün yarışlarda 20 oyuna çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə verib.

Qnabri 2016-cı ilin noyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 45 oyuna çıxıb, 22 qol, 9 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 28 yaşlı almaniyalı sağ vingerin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.