PSV-nin amerikan müdafiəçisi Serjinyo Dest “Barselona”nın keçmiş baş məşqçsi, ispan mütəxəssis Xavi haqda narazılıq edib.
Arena.az “Barça Universal” dərgisinə istinadən, amerikan futbolçunun bu barədə fikrini təqdim edir:
“Xavi ilə, mən meydanda edə biləcəklərimdə məhdudiyyət hiss etdim, mən – özüm deyildim. Hücumda iştirak etmək istəyirdim, çünki bu, mənim əsas gücümdür, amma məşqçi məndən irəli
getməməyimi istəyirdi.
Xavi mənə qarşı dürüst deyildi. Keçən yay tətilə getməzdən əvvəl mənə demişdi: “Jurnalistlərə qulaq asma, sənə ehtiyacım var”. Qayıdanda isə “sən getməlisən” dedi”, deyə Serjinyo Dest xatırlayıb.
Xatırladaq ki, 2024-cü ilin may ayının 24-də “Barselona” Xavini istefaya göndərib. İspan mütəxəssisin yerinə “blauqrana”nın sükanı arxasına alman mütəxəssis Hans-Diter Flik təyin edilib.
“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 143 oyun keçirib. “Barsa” bu oyunlarda 91 qələbə qazanıb, 23 heç-heçə edib və 29 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 280:158 nisbətindədir.
2022/2023-cü illər mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.