Servet Yardımçı: “AFFA-ya lazımi dəstəyi göstərəcəyik”

Türkiyə Futbol Federasiyasının vitse-prezidenti, UEFA İcraiyyə Komitəsinin üzvü Servet Yardımçı AFFA-nın növbəti Konfransında iştirak edib.

Arena.az xəbər verir ki, bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilib.

“Bulvar Marriott Hotel”də baş tutan tədbirdə milli assosiasiyaya yeni prezident seçilib. Bundan əlavə, qurumun İcraiyyə Komitəsi üçün də seçki təşkil edilib, yeni tərkib müəyyənləşib.

Tədbirdə Servet Yardımçı da çıxış edib. O bildirib ki, AFFA rəhbərliyi Azərbaycan futbolunun inkişafı üçün böyük işlər görüb:

“UEFA adından 16 il AFFA-ya rəhbərlik etdiyi üçün Rövnəq Abdullayevə təşəkkür edirəm. 16 il ərzində çoxlu enişli-yoxuşlu yollardan keçib. Buna baxmayaraq, verdiyiniz töhfə üçün minnətdaram”.

UEFA nümayəndəsi yeni tsikldə yeni fürsətlər yaranacağını sözlərinə əlavə edib: “Yeni strategiya üçün AFFA-ya lazımi dəstəyi göstərəcəyik. Azərbaycan futbolu üçün də investisiya yatıracağıq. Futbol idmandan çox məna ifadə edir. Futbol bəşəriyyəti birləşdirir”.

Servet Yardımçı AFFA-nın yeni prezidentinə uğurlar arzulayıb: “Rövşən Nəcəf bəyi təbrik edirəm, uğurlar arzulayıram. Onun Azərbaycan futbolunu daha da irəli daşıyacağından şübhəm yoxdur. Azərbaycan futbolu son illərdə inkişafdadır. “Qarabağ” Avropada böyük işlər gördü. Avropa Liqasında qitənin ən uğurlu komandasına uduzdu. “Qarabağ”ı təbrik edirəm. Təcrübə qazandıqca uğurların davamı gələcək”.