Futbol üzrə Tacikistan milli komandasının hücumçusu Şervoni Mabatşoev bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun rəsmi saytı məlumat yayıb.
24 yaşlı futbolçu ilə 6 ay + 1 il müddətinə müqavilə imzalanıb.
Karyerasında ilk dəfə legioner həyatı yaşayacaq Şervoni Mabatşoev buna qədər vətənində çıxış edib. Peşəkar karyerasına “Barkçi”də başlamış hücumçu daha sonra Düşənbənin “ÇSKA-Pamir” klubunda çıxış edib. Onun son klubu “İstiklol” olub. Şervoni 2021-ci ilin iyul ayından formasını geyindiyi bu klubun heyətində 95 oyuna çıxıb, 29 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.
Tacikistanın U-19 və U-23 yığmalarında da oynamış Mabatşoev 2021-ci ilin noyabr ayında əsas millidə debüt edib. O, yığmanın heyətində 26 oyuna çıxıb, 6 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
“Kəpəz” daha öncə Rati Ardazişvilini (“Samtrediya”, Gürcüstan) də heyətinə qatmışdı. Əvəzində Orxan Əliyev (“Turan Tovuz”) və Mahir Həsənov (“Difai”, icarə) Gəncə klubundan ayrılıblar.