Serxio Akieme “Reyms”də – “Almeriya” 6 milyon avro qazandı

İspaniyanın “Almeriya” klubunun sol cinah müdafiəçisi Serxio Akieme bundan sonra “Reyms”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Liqa 1 təmsilçisi onun transferi üçün İspaniya klubuna 6 milyon avro ödəyib. 26 yaşlı futbolçu yeni klubu ilə 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.

Serxio Akieme “Xetafe” və “Rayo Valyekano” klublarının yetirməsidir. 2019-cu ildə “Barselona”ya keçən futbolçu “Almeriya”ya 2021-ci ildə məhz bu klubdan gəlib – 4,7 milyon avro qarşılığında. Akieme “Almeriya”da 120 oyun keçirib, 6 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Reyms” Akieme ilə yanaşı, Türkiyənin “Adana Dəmirspor” klubundan azad agent kimi ayrılmış Benjamin Stambulini də heyətinə qatıb. Fransadan olan 33 yaşlı dayaq yarımmüdafiəçisi ilə cari mövsümün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Stambuli 2021-ci ildən formasını geyindiyi “Adana Dəmirspor”da 93 oyuna 5 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Şalke”, “Monpelye”, PSJ, “Tottenhem” kimi klublarda da forma geyinib, Fransanın U-21 yığmasının şərəfini qoruyub.

“Reyms”in mərkəz hücumçusu Amin Salama isə icarə əsasında “Kan”a keçib. O, cari mövsümün sonuna kimi icarədə olacaq və yayda 2027-ci ilədək müqaviləsinin olduğu “Reyms”ə qayıdacaq. Əslən Mərakeşdən olan 23 yaşlı fransalı forvard Liqa 1 klubunun heyətində cəmi 13 oyuna çıxıb və 1 assistlə yadda qalıb.

Serxio Akiemeni “Reyms”ə satan “Almeriya” daha üç oyunçusu ilə vidalaşıb. Mərkəz müdafiəçisi Fernandes Kaiki (25 yaş, Braziliya) “Albasete”yə, sağ cinah müdafiəçisi Uburlan Mendeş (25 yaş, Qvineya Bisau) “Mirandes”ə, hücumameyilli yarımmüdafiəçi Arnau Pucmal (23 yaş, İspaniya) isə “Elçe”yə icarəyə verilib. Onların hər biri mövsümün sonuna kimi icarədə olacaqlar. Satınalma şərti nəzərdə tutulmayıb.

“Almeriya” gedənlərin əvəzində “Xetafe”dən 30 yaşı hücumçu Antoni Losanonu, “Çaves”dən isə 26 yaşlı sol cinah müdafiəçisi Bruno Lanqanı transfer edib. Hər iki futbolçu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb.