“Barselona”nın argentinalı keçmiş hücumçusu Serxio Aquero Kataloniya nəhəngi “Barselona”ya qarşı məhkəmə iddiası qaldırıb.
Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Aquero “blauqrana”nın ona 3 milyon avro məbləğində maaş borcu olduğunu iddia edir. İndi o, bu haqqın ödənilməsini istəyir.
Xatırladaq ki, Aquero “Barselona”ya 2021-ci ilin yayında qoşulsa da, “blauqrana” ilə müqaviləsini başa vurmadan, həmin ilin dekabrında ürək xəstəliyi səbəbindən futbolçu karyerasına xitam vermək məcburiyyətində qalıb.
“Barselona” Aqueroya müqavilə üzrə ilk ilinin maaşını sığorta ilə ödəyəcəyini bildirib. Amma sığorta şirkəti futbolçunun uşaqlıqdan ürəyində fəsad olduğunu əsas gətirərək, əməkhaqqını futbolçunun hesabına köçürməkdən imtina edib. İndi Aquero “Barselona”nın vəd etdiyi 3 milyon avro məbləğin ona ödənilməli olduğuna inanır.
Serxio Aqueronun “Barselona”nın heyətində çıxışı 5 oyun və vurduğu 1 qoldan ibarətdir.